2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,8 faiz artaraq 85,2 milyon manat olmuşdur ki, onun da 55,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,9 faizi ictimai iaşə xidmətlərindən, 6,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,6 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz artaraq 549,2 min olmuşdur. Gecələmələrin ümumi sayının 55,3 faizi Bakıda, 9,6 faizi Qusarda, 5,0 faizi Qubada, 4,6 faizi Qəbələdə, 3,7 faizi Naftalanda, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 3,1 faizi Şabranda, 2,9 faizi Lənkəranda, 1,2 faizi Mingəçevirdə, 1,1 faizi İsmayıllıda, 1,1 faizi Gəncədə, 0,9 faizi Şuşada, 0,9 faizi Şamaxıda, 0,7 faizi Şəkidə, 0,6 faizi Qaxda və 5,9 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir.
Məlumat mənbəyi: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi