Azərbaycan mütəmadi olaraq Ukraynaya humanitar yardım göstərir. Ötən gün Sumqayıt Texnoparkının ərazisindən ilk elektrik avadanlığı partiyası yola salınıb. Humanitar yük Ukraynanın hərbi əməliyyatlar və raket hücumlarından zərər çəkmiş ərazilərində elektrik enerjisi təchizatını dəstəkləmək və bərpa etmək üçündür. Cəmi çəkisi 52,2 ton olan humanitar yükün tərkibinə 45 güc transformatoru və 50 generator daxildir.
Bu, artıq elektrik avadanlıqları olan ikinci yük karvanıdır – birincisi 2022-ci ilin dekabrında göndərilmişdir.
Ukraynadan daxil olan müraciətlər əsasında tərtib edilən və cəmi dəyəri 7,6 milyon ABŞ dolları olan enerji təchizatının bərpası üçün yardımın yaxın vaxtlarda göndərilməsi planlaşdırılır.
Eləcə də, son altı ayda Ukrayna xalqına müxtəlif humanitar yardım göstərilmişdir:
– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq, Energetika Nazirliyinə 555 min metrdən çox elektrik kabeli və naqilləri daxil olan humanitar yüklər göndərilib;
– müharibədən əziyyət çəkən və qohumlarını itirmiş 90 ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya üçün Azərbaycana gətirilib;
– İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağıdılmış 12 №-li məktəb tamamilə yenidən tikilib;
– bu yaxınlarda Çerkassı şəhəri sakinlərinə uzunmüddətli yararlı konservlər, dənli məhsullar, quru və uşaq qidası, dərmanlar, məişət əşyaları və paltarları ehtiva edən bir qrup humanitar yardım göndərilib.
Müharibə başlayandan Azərbaycan Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton humanitar yardım göndərib.
Bundan başqa, Azərbaycan hökuməti SOCAR Dövlət Neft Şirkətinə Ukraynadakı yanacaqdoldurma məntəqələrində təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini pulsuz olaraq yanacaqla təmin etməyi tapşırıb.
Azərbaycandan humanitar yardım haqqında ətraflı məlumat http://surl.li/mthvn